İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun Birinci Nazirlər
Görüşü olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə
Bakıda "Çoxmədəniyyətli dünyada sülh
şəraitində birgə yaşama" devizi altında
keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində mayın 31-də
Birinci Nazirlər Görüşü olmuşdur.
Görüşün birinci sessiyasında "Mədəniyyət və
yaradıcılıq mədəniyyətlərarası
etimadı necə yarada bilər?" mövzusunda müzakirələr
aparılmışdır.
AzərTAc
xəbər verir ki, sessiyanın moderatoru, Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs QARAYEV bildirmişdir ki,
Bakı forumu beynəlxalq mədəniyyətlərarası
dialoqa bir proses kimi baxır. Biz insanların arasında
inamı yaratmalıyıq. Bu, Birinci Forumda əksini
tapmış konsepsiyadır.
Mədəniyyətlərarası
dialoqun zəruri bir tələb olduğunu vurğulayan nazir Forumun sülhə
əsaslanan dünyanın qurulması məqsədini
güddüyünü bildirmişdir. Diqqətə
çatdırmışdır ki, ilk forumda biz mədəniyyətin
və turizmin qarşılıqlı anlaşma və məsuliyyətli
idarəetmənin yaradılmasında rolundan
danışırdıq. Biz mədəniyyət və turizmi
eyni auditoriyaya gətirərək bu iki amilin insanların
ünsiyyətində nə dərəcədə
mühüm rol oynadığını vurğulamaq istəyirik.
Müasir texnologiyalar da bu prosesdə - turizmin və mədəniyyətin
bizi dünyanın sivil icmasına çevirməsində
çox böyük rol oynaya bilər.
Azərbaycan
Prezidentinin Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumuna hazırlıq işləri ilə bağlı Təşkilat
Komitəsinin yaradılması təklifini diqqətə
çatdıran nazir növbəti forumun 2015-ci ildə yenə
də Bakıda keçiriləcəyini bildirmişdir.
BMT-nin
Sivilizasiyalar Alyansının rəhbəri, BMT baş katibinin
ali nümayəndəsi Nassir Əbdüləziz əl-NASSER
belə mühüm foruma yüksək səviyyədə ev
sahibliyi etdiyi üçün Azərbaycana təşəkkürünü
bildirmişdir.
BMT-nin
Sivilizasiyalar Alyansının mədəniyyət və
yaradıcılıq, eləcə də mədəniyyətlərarası
dialoqun, irsin saxlanılmasına yönəlmiş turizmin
yaradılmasına çalışdığını
vurğulayan qonaq İkinci Forumda iştirakçıların
sayının çox olmasından məmnunluğunu diqqətə
çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan
cəlbedici mərkəzə çevrilmişdir. Mən bu barədə
Azərbaycana tamamilə güvənirəm. Çünki Azərbaycan
mədəniyyətlərarası dialoqa çox uğurla ev
sahibliyi edir.
Litvanın
mədəniyyət naziri Sarunas BİRUTİS mədəniyyətlərimizin,
cəmiyyətlərimizin xüsusiyyətlərinin dərk
olunmasının mədəniyyətlərarası vərdiş,
səriştə tələb etdiyini bildirmişdir.
Demişdir ki, bunun üçün biz müxtəlif mədəniyyətləri
daha geniş qavramalı və dialoqu inkişaf etdirməliyik.
Biz qloballaşan dünyada öz milli mədəniyyətimizi
qorumaqla yanaşı, digər mədəniyyətlərə
və cəmiyyətlərə qarşı da açıq
olmalıyıq.
Azərbaycanda
forum iştirakçılarına göstərilən yüksək
qonaqpərvərliyə görə təşəkkürünü
bildirən Bruneyin mədəniyyət, gənclik və idman
nazirinin müavini xanım Datin Paduka ADİNA forumun tarixi-mədəni
mərkəz olan gözəl Bakı şəhərində
keçirilməsindən məmnunluğunu bildirmişdir. O, müxtəlif bölgələrdə
zorakılıq hallarının baş verdiyi bir dövrdə
Bakıda sülh şəraitində mədəni əməkdaşlıqla
bağlı belə müzakirələrin
aparılmasını çox mühüm hadisə kimi qiymətləndirmişdir.
Latviyanın
mədəniyyət naziri xanım Zaneta JAUNZEME-QRENDE mədəniyyətlərarası
dialoqu təcrübələrin bölüşdürülməsi
baxımından müstəsna məkan kimi qiymətləndirmişdir.
Qeyd etmişdir ki, müxtəlif mədəniyyətlər
arasında dəyərlər sistemi və identikliyimiz
haqqında danışmaq üçün mədəniyyətlərarası
dialoqda iştirak etmək çox əhəmiyyətlidir.
Xanım nazir bu cür mədəni tədbirlərin lokal
şəraitdə qlobal fəaliyyət göstərməyin
bariz nümunəsi olduğunu bildirmişdir.
Səudiyyə
Ərəbistanı Krallığı mədəniyyət
nazirinin müavini Abdullah əl-CƏSİR bu mötəbər
tədbirə yüksək səviyyədə ev sahibliyi
etdiyinə, müxtəlif mədəniyyətlərin
nümayəndələrinə eyni şərait
yaratdığına görə Azərbaycan hökumətinə
təşəkkürünü bildirmişdir. O, Səudiyyə
Ərəbistanı Krallığının mədəniyyətlərarası
dialoq işinə yaxından töhfə verdiyini
vurğulayaraq ölkəsinin bu sahədə həyata
keçirdiyi tədbirlərdən
danışmışdır.
TÜRKSOY-un
baş katibi Düsen KASEİNOV rəhbərlik etdiyi təşkilatın
türkdilli xalqlar arasında mədəni birliyin
yaradılmasında mühüm rol oynadığını
bildirmişdir. Diqqətə çatdırmışdır
ki, biz müxtəlif türkdilli xalqların mədəniyyətini
təşviq etməklə onları digər mədəniyyətlərə
tanıtmaq məqsədini güdürük.
Kot
d-İvuarın mədəniyyət və Frankofoniya məsələləri
üzrə naziri Moris Koku BANDAMA çoxmədəniyyətli
tərkibə malik olan ölkəsinin mədəniyyətlərarası
dialoqa mühüm əhəmiyyət verdiyini
vurğulamışdır.
İordaniyanın
mədəniyyət naziri Barakat AVACAN ölkəsində
müxtəlif dinlərin dialoq şəraitində
yaşaması üçün lazımi şəraitin
yaradıldığını bildirmişdir. Azərbaycana
yüksək qonaqpərvərliyinə görə minnətdarlıq
edən qonaq müxtəlif mədəniyyətlərə məxsus
insanların sülh şəraitində yaşamasının
cəmiyyətin strukturunda önəmli yer tutduğunu diqqətə
çatdırmışdır.
Serbiyanın
mədəniyyət və informasiya üzrə dövlət
katibi Zoran AVRAMOVİÇ mədəni və siyasi qurumlar
arasında münasibətlərin əhəmiyyətindən
danışmışdır. Qonaq bildirmişdir ki, biz mədəniyyətlərarası
əməkdaşlığın və dialoqun dəstəklənməsinə
çalışırıq. Çünki mədəniyyətlərarası
dialoqun alternativi yoxdur.
Braziliyanın
mədəniyyət məsələləri üzrə katibi
Ameriko Xose Cordula TEİKSERİA ölkəsində mədəni
müxtəlifliyin müdafiə olunması üzrə Milli Mədəniyyət
Sisteminin və Milli Mədəniyyət Planının
yaradıldığını bildirmişdir. O bu plan əsasında
qurulan mədəni nöqtələrin sayının 15 minə
çatdırılmasının nəzərdə
tutulduğunu vurğulamışdır.
Mərakeşin
mədəniyyət naziri Məhəmməd Amin SBİHİ mədəni
müxtəlifliyin idarə olunmasının çox
böyük vərdişlər tələb etdiyini
demişdir. Qeyd etmişdir ki, məhz bu baxımdan belə
forumların keçirilməsi çox vacibdir. Yalnız birgə
səylərimiz nəticəsində fərqlərimizi və
onlardan yarana biləcək problemləri minimuma endirə bilərik.
Yaradılıcılığın
mədəni sintez əsasları üzərində
qurulduğunu söyləyən Beynəlxalq Əlaqələr
Departamentinin administratoru, Yunanıstanın mədəniyyət
naziri Çarilaos PAPPİS bildirmişdir ki, əsas məqsəd
mədəniyyətlər arasındakı fərqləri
sintezləşdirməkdir. Azərbaycan
bu sahədə maraqlı və gözəl nümunə ilə
çıxış edir. Azərbaycanda tolerantlıq, mədəni
müxtəliflik vardır. Əks təqdirdə, biz burada
olmazdıq. Azərbaycanın bu sahədəki
addımlarını biz çox təqdir edirik və bu
ölkəyə uğurlar diləyirik.
* * *
Forumun
Birinci Nazirlər Görüşünün ikinci
sessiyasının mövzusu "Mədəniyyətlərarası
dialoq üçün birgə əsas: mədəni irs və
turizm" olmuşdur.
Azərbaycanın
mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV
müzakirə olunan məsələnin mədəniyyətlərarası
dialoq baxımından mühüm əhəmiyyət kəsb
etdiyini bildirmişdir.
Çıxış
edən Banqladeşin mülki aviasiya və turizm naziri Məhəmməd
Faruk XAN mədəniyyətlərarası dialoqun
yaradılması üçün ölkələrin əhalisi,
xüsusən gənclər arasında bu sahədə
geniş maarifləndirmə işinin aparılmasının əhəmiyyətini
vurğulamışdır. Qeyd etmişdir ki, bu məsələdə
KİV-lərin üzərinə böyük vəzifə
düşür. O, Banqladeşdə müsəlman, xristian,
buddist və digər icmalara mədəni müxtəliflik
üçün qanuni təminatların verildiyini diqqətə
çatdırmışdır.
Polşanın
milli irs və mədəniyyət naziri Yaçek OLBRİXT
Baltik regionunda əməkdaşlıq və inteqrasiyanın
davam etdirilməsi sahəsində həyata keçirilən
layihələrdən danışmışdır. Nazir 10
Baltikyanı ölkəni birləşdirən layihə
çərçivəsində müxtəlif tədbirlərin
keçirildiyini, hər ölkənin öz ədəbiyyatını,
musiqisini, mətbəxini təbliğ etməsinə imkan
yaradıldığını, bununla da mədəniyyətlərin
qarşılıqlı əlaqədə olduğunu
vurğulamışdır.
Gürcüstanın
mədəniyyət naziri Quram ODİŞARİA dahi şəxsiyyətlərin,
böyük yaradıcı insanların hər hansı millətə
deyil, dünyaya məxsus olduğunu bildirmişdir.
- Mədəniyyət
hər şeydən üstün olmalıdır, - deyən
qonaq Azərbaycanın və Gürcüstanın müvafiq
nazirlikləri tərəfindən Cənubi Qafqazın turizm
marşrutlarının təbliği məqsədilə yayda
birgə layihənin reallaşdırılacağını
diqqətə çatdırmışdır.
Monteneqronun mədəniyyət naziri Branislav MİÇUNOVİÇ Azərbaycanın müxtəlif mədəniyyətlərin və sivilizasiyaların nümayəndələrinin birgə yaşadığı ölkə olduğunu söyləmişdir. Bildirmişdir ki, bu ölkə məhz mədəniyyətlərarası dialoqu özündə yaşadan bir nümunədir. Mədəniyyətlərarası dialoqun cəmiyyətimizin əsas komponentinə çevrildiyini vurğulayan nazir Azərbaycanın və Monteneqronun müvafiq nazirlikləri arasında 2011-ci ildə imzalanmış müqavilənin bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni üfüqlər açdığını söyləmişdir. O, Monteneqronun mədəniyyəti və turizmi birlikdə inkişaf etdirmək baxımından mühüm təcrübəyə malik olduğunu bildirmişdir.
Şri-Lankanın mədəniyyət və incəsənət naziri Thilakaratna Bandara EKANAYAKA çoxmədəniyyətli ölkəsində Azərbaycanın bu sahədəki təcrübəsinin tətbiq olunmasının vacibliyini vurğulamışdır. O bu gözəl tədbirin yüksək səviyyədə təşkilinə və yüksək qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə təşəkkürünü çatdırmışdır. Azərbaycan nümayəndə heyətinin Şri-Lankaya səfərini xatırladan qonaq belə səfərlərin də mədəniyyətlərarası əməkdaşlıq baxımından əhəmiyyətini vurğulamışdır.
Moldovanın mədəniyyət nazirinin müavini George POSTİKA ölkəsinin mədəni irsinin bu sahədə strategiyanın hazırlanmasında mühüm rol oynadığını bildirmişdir. - Mədəniyyət sosial inkişafla yaxından bağlıdır, - deyən qonaq müxtəlif xalqları və regionları bir arada birləşdirməsi baxımından turizmin, muzeylərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. O, son vaxtlar Moldovada xüsusən üzümçülük sahəsində kənd muzeylərinin yaradılmasına başlandığını diqqətə çatdırmışdır.
Vyetnamın mədəniyyət, idman və turizm naziri Vuonq Duy BİEN çıxışında mədəni müxtəlifliyin qorunmasının müasir dünyamızda əsas məqsədlərdən biri olduğunu bildirmişdir. O, Vyetnamda yaşayan müxtəlif mədəniyyətlərin təmsilçiləri üçün dövlət tərəfindən əlverişli şəraitin yaradıldığını demişdir.
Sudanın əntiq mədəniyyət, turizm və təbiət naziri Mohammed Gasmelseed HAMİD mədəniyyətin hər bir xalq üçün mühüm sərvət olduğunu bildirmişdir. Turizmin insanları bir-birinə yaxınlaşdırdığını, ümumi dəyərlərin bölüşdürülməsi üçün imkan yaratdığını vurğulayan nazir, münaqişələrin aradan qaldırılmasında mədəniyyətlərin ünsiyyətinin rolunu yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, məhz bu baxımdan səyahət və turizm mühüm rol oynayır.
Avstriyanın Təhsil, İncəsənət və Mədəniyyət Nazirliyinin ikitərəfli və çoxtərəfli mədəni əməkdaşlıq məsələləri departamentinin rəhbəri Norbert RİEDL müasir dünyamızda turizmin inkişafının mədəniyyətlər arasında əlaqələrin daha da genişləndirilməsinə şərait yaratdığını bildirmişdir.
Cənubi Afrika Respublikasının mədəniyyət nazirinin müavini Tokozila XASA ölkəsinin konstitusiyasında müxtəlif dillərə, dinlərə, mədəniyyətlərə, irqlərə mənsub insanlara böyük hörmətlə yanaşılmasının əksini tapdığını qeyd etmişdir. Bildirmişdir ki, mədəniyyətlərarası dialoqun ümumi məqsədi insan övladına hörmətin, demokratiyanın və qanunun aliliyinin qorunmasıdır. Heç bir insan, sahə də diqqətdən kənarda qala bilməz. O, ölkəsində irs və mədəni turizm ilə bağlı strategiyanın hazırlandığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, burada mədəni ehtiyatlardan istifadə edərək davamlı turizmin təmin edilməsi mühüm rol oynayır.
Tunisin mədəniyyət naziri Mehdi MABRUK mədəni turizmin BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə daxil edilməsini alqışladığını bildirərək gənclərin bu prosesdə çox fəal olduğunu diqqətə çatdırmışdır. Ölkəsində turizm imkanlarının geniş olduğunu bildirən qonaq Tunisin bu proseslərdə yaxından iştirak etdiyini demişdir.
Tailandın mədəniyyət üzrə daimi katibi xanım Prisna PONGTADSİRİKUL mədəni turizmin mədəni müxtəlifliyə əsaslandığını bildirərək ölkəsində bunun üçün geniş potensialın olduğunu qeyd etmişdir. O bildirmişdir ki, mədəni turizm dövlətlər arasında alyansların yaradılmasına və son nəticədə mədəni müxtəlifliyin inkişaf etdirilməsinə gətirib çıxaracaqdır.
Misirin Xarici İnvestisiyalar və İnkişaf Şirkətinin sədr müavini İbrahim FAVZİ insanlar arasında münasibətlərin mədəniyyətlərarası dialoqa səbəb olduğunu bildirmişdir.
Suriyanın mədəniyyət naziri Lubanah MUSHAVEH turizmin müxtəlif mədəniyyətlər arasında əlaqə yaradan qüvvə olduğunu diqqətə çatdırmışdır. O demişdir ki, birgə dəyərləri gücləndirərək təbliğ etməyimiz problemlərin qarşısını almaqda çox vacibdir.
Hindistanın mədəniyyət üzrə birgə katibliyinin sədri Şri Rakeş RANCAN ölkəsinin konstitusiyasında 32 dilin tanındığını bildirmişdir. Məlumat vermişdir ki, Hindistan konstitusiyasında bərabər hüquqlar ən vacib dəyər kimi müəyyən edilmişdir. Çoxmədəniyyətli dünyada əsas məsuliyyət çoxluğu təşkil edən icmaların üzərinə düşür ki, onlar azlıqlara şərait yaratmalı, qarşılıqlı ehtiramı təmin etməlidirlər.
Əlcəzair Nazirlər Kabinetinin turizm məsələləri departamentinin sədri Keznadci CAMEL demişdir ki, mədəniyyətlərarası dialoqa mühüm töhfə verən Azərbaycan bu böyük tədbirin uğurla keçməsi üçün əlindən gələni etmişdir. Bildirmişdir ki, biz ölkələrimizin davamlı inkişafına nail olmaq üçün insanlar arasında qarşılıqlı anlaşma üzərində işləməliyik.
Müzakirələrə yekun vuran Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV Birinci Nazirlərin Görüşündə 29 çıxışın dinlənildiyini, faydalı fikirlərin səsləndiyini, səmərəli müzakirələrin aparıldığını bildirmişdir. Nazir demişdir ki, biz mədəni turizmi xalqlarımız arasında əməkdaşlıq baxımından inkişaf etdirməliyik.
Əbülfəs Qarayev alimlərin, mədəniyyət və incəsənət xadimlərinin bu prosesə geniş cəlb edilməsinin əhəmiyyətini xüsusi vurğulayaraq mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi üçün strategiyanın hazırlanmasının vacibliyini bildirmişdir.
Sonda forumun Bəyannaməsi müzakirə edilərək təsdiq olunmuşdur.
AzərTAc
Azərbaycan.-2013.- 1 iyun.- S.4.